Mişa – Ayı kimi igid İki üzlü imperiya -Damət Salmanoğlu yazdı![]() Sovet İttifaqı özünü xalqlar dostluğunun qalası kimi təqdim edirdi. Plakatlarda müxtəlif millətlərin əsgərləri qardaş kimi qucaqlaşır, qırmızı bayrağın altında gülümsəyərək gələcəyə baxırdılar. Amma bu şəkillərin arxasında gizlənən qaranlıq bir həqiqət vardı: slavyan olmayan xalqlara həmişə ikinci dərəcəli, “qara millət” kimi baxılırdı. Xüsusən də əsgərlikdə. Burada zabitləri və köhnə əsgərlər gənclərə öyrədirdilər ki, Qafqazlı, Orta asiyalı, tatar – hamısı itaət etməlidir. Onları ağır işlərə göndərir, kiçik bir səhv üçün döyür, qəsdən aşağılamağa çalışırdılar. Sanki imperiyanın görünməz qaydası vardı: Özləri hökm edəcək, başqaları itaət edəcək.” Belə bir mühitə Azərbaycan kəndindən çıxmış Xalid düşdü. O, 18 yaşını yeni tamamlamışdı. Boyu dağ kimi ucalır, çiyinləri polad darvaza kimi geniş açılırdı. Baxışlarında isə əsrlərin dərinliyindən gələn bir od parıldayırdı. Anası yola salanda göz yaşlarını gizləmişdi. Atası isə oğlunun əlini sıxıb demişdi: — Oğul, yadında saxla! Bədənini əysələr də, ruhunu əymə! Çünki sənin damarlarında ulu babalarının qanı axır. Xalid də bu sözlərlə yola çıxdı. O, artıq sadəcə kəndin bir gənci deyildi. O, öz xalqının şərəfini daşıyırdı. Əsgərliyə düşən kimi onun gücü, dik duruşu diqqəti çəkdi. Komandir heyəti və köhnə əsgərlər nifrətlə ona baxırdılar. Çünki bu oğlan boyun əymirdi, baxışları ilə belə meydan oxuyurdu. — E, Qafqazlı! — deyirdilər. — Sən burada kimə lazım olduğunu sanırsan? Ona ən ağır işləri tapşırır, qəsdən aşağılamağa çalışırdılar. Hər dəfə döyüləndə Xalid yalnız dişlərini sıxır, gözlərində isə od daha da parlayırdı. O, bilirdi: bircə dəfə əl qaldırsa, tribunal qarşısına çıxacaq. Ona görə dözürdü, amma bu dözüm zəiflik deyildi. Bu, iradənin ən böyük gücü idi. Bir dəfə onu elə döydülər ki, üzü tanınmaz hala düşdü. Gözləri şişmiş, dodaqları partlamışdı. Amma səhəri gün hissədə yüksək rütbəli yoxlama olacaqdı. Komandirlər qorxuya düşdülər: əgər Xalid bu vəziyyətdə görünərdisə, cavab verməli olacaqdılar. Onlar özlərini qorumaq üçün çirkin bir oyun qurdular. On nəfər köhnə əsgəri çağırıb dedilər: — Bu Qafqazlı bizim millətii söyüb. Gecə onu cəzalandırın! Gecə kazarmanın ortasında on nəfər Xalidə yaxınlaşdı. Onların baxışlarında kin vardı. Amma Xalid sakit idi. O, bilirdi ki, bu saat taleyin sınağıdır. Birinci hücum edən əsgəri çiyinlə vurub yerə sərdi. İkinciyə ildırım kimi yumruq endirdi. Üçüncünü diziylə vurub nəfəsini kəsdi. Sanki bir tufan qopmuşdu. On nəfərin hamısı bir-bir Xalidin qarşısında məğlub oldu. Döyüş bitəndə kazarmada sükut çökdü. Yerdə inildəyən əsgərlər, küncdə qorxudan geri çəkilənlər vardı. Xalid isə ortada dik dayanmışdı, gözlərində qələbənin parıltısı ilə. O gündən sonra hamı ona yeni ad verdi: “Mişa” – Ayı. Çünki qarşısına çıxanı ayı kimi əzirdi. Amma Xalidin qələbəsi təkcə gücü ilə deyildi. O, iradəsi ilə qalib gəlmişdi. Döyülmüşdü, təhqir olunmuşdu, amma sınmamışdı. Əsgərlər artıq ona başqa gözlə baxırdı. Komandir heyəti isə susmağa məcbur oldu. Çünki Xalid bir həqiqəti göstərmişdi: Azərbaycan oğlunu əymək olmaz. Onun damarında əsrlərin gücü axır. Xalid sadəcə bir əsgər deyildi. O, bir millətin simvolu idi. Dağ kimi möhkəm, ayı kimi güclü, polad kimi əyilməz. Sovet imperiyası güc və zorla xalqları itaətə məcbur etmək istəyirdi. Amma Xalid kimi gənclər bu millətin ruhunu qorudu. Onlar susaraq, dözərək, amma sınmayaraq imperiyanın yalan üzünü açırdılar. Xalid öz adı ilə yox, ləqəbi ilə tarixdə qaldı. Amma bu ləqəbin altında bir həqiqət gizlənirdi: o, ayı gücündə olsa da, xalq ruhunda bir igid idi. Onun hekayəsi bir gəncin deyil, bütöv bir xalqın hekayəsi idi. Əsrlər boyu sınmağa çalışıblar, amma sınmayıblar. Və heç vaxt sınmayacaqlar. Damət Salmanoğlu, Şair, Azırbaycan və Özbəkistan yazıçılar birliyinin üzvü. |
Son xəbərlər
Xəbər lenti
Təqvim
|