Tanrı dövlətimizi, millətimizi, Azərbaycanımızı qorusun!

31-12-2025, 09:41
Oxunub: 207
Çap et
Tanrı dövlətimizi, millətimizi, Azərbaycanımızı qorusun!

Zamanın təbəddülatlı axarında artıq təqvim dəyişməsi astanasındayıq... Qəlbi Azərbaycanla döyünən hər kəsi Zəfər qüruru ilə dalğalanan Bayrağımızın şöləsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı münasibəti ilə təbrik edirəm.

Bayramın mahiyyəti yenilənmək, yaşanmışlara rəğmən ümid dolu sabahların müjdəsi, ülviyyətdir ki, bu məqamlar Tanrı işığı olaraq həyatınıza rövnəq olsun. Qoy 2026-ci ilin gəlişi dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızın arzularının, istəklərinin gerçəkləşdiyi il olsun.

İllər vidalaşır, vaxt axarında,
İllər ayrıcında zaman qovşağı...
Köhnə il ələnib fələk çarxında,
Yeni il qədəmi ümid işığı...

Dönür xatirəyə köhnə il artıq,
Tarixin bir il də artır yaddaşı.
Nələri itirdik, nələrə çatdıq?
İllər çinləməkdə yaş üstə yaşı...

Yeni il Vətənə düşərli olsun,
Gətirsin evlərə ruzi-bərəkət.
Könüllər sevgiylə, sevinclə dolsun,
Hər kəsin üzünə gülsün səadət!


Yeni ildə sağlamlıq, xoş güzəran, ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq diləyilə Bayramınız qutlu olsun! Tanrı dövlətimizi, millətimizi, Azərbaycanımızı qorusun!

Bayram ovqatı ilə: Tapdıq ƏLİBƏYLİ