"Eşqnamə" poemasının təqdimatı oldu...

24-06-2025, 10:08
Oxunub: 140
Çap et

Bakı – 24.06.25. /Hökümə Xəlilova, Ramiz Məşədihəsənli -Türkel Media/: Yeni bir kitabın təqdimatına qatıldıq. Həkim, şair Hacı Çingiz Ərəblinin “Sevdalıyam” və “Görüşdük təsadüfən” kitablarından sonra üçüncü əsərinin təqdimatıydı. On il ərzində yazıb ərsəyə gətirdiyi "Eşqnamə" kitabının. Açılışı edən kitabın redaktoru və ön söz muəllifi, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin, TAİB-in İdarə Heyətinin üzvü Tapdıq Əlibəyli əsərin necə ərsəyə gəldiyindən, müəllifin amacından və məzmundan danışdı. Monumental poema olan "Eşqnamə"də Ulu Yaradanın sonsuz hikmət və qüdrəti, dünyanın, kainatın, Yer kürəsinin yaradılışı, İslam dininin müjdəçisi Məhəmməd Peyğəmbərin mövludu, həyatı və ilahi missiyası, eləcə də imamətin islam dünyasında rolu poetik incəliklə, özəlliklə - həm fəlsəfi mahiyyətinə, həm də söz sənəti məziyyətinə görə dolğun şəkildə təsvir edildiyini dilə gətirdi.
Çingiz Ərəblinin “Eşqnamə” poeması mövzu səciyyəsinə görə, Quran qissələri, səmavi kitab təlmihləri, folklor örnəkləri, fəlsəfi-teoloji baxışlar, elmi-nəzəri biliklər fonunda şərtlənir ki, bu vəhdət şair təxəyyülünün zənginliyində mənəvi dünyamızı fejz şəbnəmlərinə qərq etmək özəlliyində olan poetik çalarlarla süslənib.
“Eşqnamə”nin işığına yığışanlar müəllifi təbrik edərək yaradıcılığının incəliklərindən danışdılar. Ustalıqla ərsəyə gətirdiyi poemanın yeni bir üslub və məzmunla poetik çalarlarla oxucuya təqdim edildiyindən söz açdılar.
Təsəvvür edirsinizmi, tədbirdə iştirak edən tanınmış elm, mədəniyyət, ədəbiyyat, incəsənət, mətbuat təmsilçilərinin və həkimlərin çıxışları o qədər səmimi və yaddaqalan oldu ki, hər birinin müəlliflə bağlı ürək sözlərini ifadə etsək bir böyük əsər də biz yaratmış olardıq. TAİB sədrinin müavini Eyvaz Qünbətovun başçılığı ilə idarə heyəti üzvlərinin qatılımı da bir ayrı rəngarənglik idi.
Hamı çıxış elədi demək olar ki. Hacı Çingizin poemasının xaliqə məhəbbət, xilqətə mərhəmət, yurda bağlılıq, xalqa, Vətənə sonsuz məhəbbətindən bəhs etdilər.
Çingiz Ərəblinin “Eşqnamə” poemasını oxuduqca hiss edəcəksiniz ki, müəllif milli və bəşəri dəyərləri o qədər ustalıqla ipə-sapa düzüb ki əsəri məmnuniyyətlə oxuyub sona çıxa biləcəksiniz.
... Müsahibələr...
Sözlərimizi kitabın redaktoru Tapdıq Əlibəylinin ön sözündəki fikirləri ilə tamamlamaq istərdim.
İnanaırıq ki, “Eşqnamə” minillik ədəbiyyatımızın poeziya havasına qarışmaqla çağdaş ədəbi mühitimizdə dan yerini şəfəqləndirən günəştək nurlanacaq, qutsal qayəsi ilə bəşərin əzəli-əbədi ülviliiklərini oxucu düşüncəsində məhrəm duyğulara çevirəcək.